İQTİSADİYYAT
Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb
Bakı, 18 sentyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya ilə onlayn formatda görüş keçirilib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan gömrük xidməti ilə ÜGT arasında uzunmüddətli işgüzar əlaqələrdən məmnunluqla söhbət açılıb, əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminlik ifadə olunub.
Səfər Mehdiyev Azərbaycan gömrüyünün pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq uğurlu fəaliyyətindən bəhs edib, informasiya texnologiyalarına əsaslanan layihələr, beynəlxalq ticarətin inkişafı, qaçaqmalçılığa, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə atılan addımlardan danışıb.
Kunio Mikuriya ÜGT-nin ən çətin və böyük Avropa regionuna rəhbərliyi dövründə DGK-nın peşəkar fəaliyyətinə, üzv ölkələrin gömrük orqanları arasında koordinasiyanın səmərəli təşkilinə görə Komitə sədrinə təşəkkürünü bildirib.
Görüşdə əməkdaşlığın daha da gücləndirilməsi, beynəlxalq ticarətin inkişafının dəstəklənməsi istiqamətində gələcəkdə atılacaq addımlar, görüləcək işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.