İQTİSADİYYAT
Gömrük Xidmətinin nümayəndə heyəti İsrail-İordaniya sərhədində yerləşən gömrük-buraxılış məntəqəsi ilə tanış olub
Bakı, 18 dekabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsrailə səfəri çərçivəsində bu ölkənin İordaniya Haşimilər Krallığı ilə dövlət sərhədində yerləşən "Allenby" gömrük-buraxılış məntəqəsində gömrük orqanlarının iş prinsipi ilə yaxından tanış olub.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin üzvlərinə gömrük-buraxılış məntəqəsində ən müasir texniki nəzarət vasitələri və innovativ layihələr tətbiq edildiyi barədə məlumat verilib.
Eyni zamanda, nümayəndə heyətinə mallar və nəqliyyat vasitələrinin, insanların asan və sürətli keçidinin təmin olunması, sərhədkeçmə prosesində təhlükəsizliyin təmin edilməsi üçün görülən işlərdən danışılıb.
İsrailli mütəxəssislər azərbaycanlı həmkarlarına sərhədkeçmə prosesi, gömrük nəzarəti prosedurları və elektron gömrük xidmətlərinin tətbiqini əyani şəkildə də nümayiş etdiriblər.
"Allenby" gömrük-buraxılış məntəqəsində gömrük işinin təşkili sahəsində görülən işlərdən məmnunluq duyan Azərbaycan nümayəndə heyətinin üzvləri burada həyata keçirilən yeniliklərdən faydalanmağın və tətbiq etməyin, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.