CƏMİYYƏT
Gömrük baxışı zamanı avtomobildə gizlədilən siqaretlər aşkarlanıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Vaz 21061" markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, baxışdan əvvəl vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində nəqliyyat vasitəsinin salonundan, hər iki qabaq oturacağın altından və baqaj hissəsindən 4000 ədəd "Sobranie" markalı, aksiz markası olmayan siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.