İQTİSADİYYAT


Gömrük əməkdaşlarının attestasiyası keçirilir

Bakı, 13 oktyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin əməkdaşlarının attestasiyası keçirilir.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, komitədə həyata keçirilən islahatların ikinci mərhələsinə başlanılıb. Bu mərhələ çərçivəsində həyata keçiriləcək tədbirlərdən biri də gömrük orqanları əməkdaşlarının mövcud potensialının, yəni bilik və bacarıqlarının müəyyən edilməsidir. Bu məqsədlə müvafiq qanunvericiliyə uyğun olaraq gömrük əməkdaşlarının attestasiyası keçirilir.

Oktyabrın 13-də bu məqsədlə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov bildirib ki, dövlət müstəqilliyimizlə yaşıd olan ölkəmizin gömrük orqanları ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, yüksək idarəçilik qabiliyyəti sayəsində formalaşaraq qısa zaman kəsiyində mühüm dövlət təsisatlarından birinə çevrilib. Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi innovativ islahatlar gömrük orqanlarının da dinamik inkişafına şərait yaradıb. Qeyd edilib ki, bu ilin 2-ci rübündə gömrük orqanlarında başladılan islahatlarının birinci mərhələsi başa çatıb və tətbiq edilən yeniliklər gömrük sisteminin daha da çevik şəkildə idarə edilməsini və modernləşməsini təmin edib. İslahatların birinci mərhələsinin nəticəsi olaraq şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı qətiyyətli mübarizə, sahibkarlıq mühitinin yaxşılaşdırılması, maliyyə nəzarətinin effektli şəkildə həyata keçirilməsi, qaçaqmalçılıq hallarının qarşısının alınması istiqamətində mühüm nailiyyətlər əldə olunub.

İ.Hüseynov bildirib ki, qazanılan uğurlar bizi arxayınlaşdırmamalı, ölkəmizin sürətli iqtisadi inkişafının davamlılığının təmin edilməsi, tranzit potensialının gücləndirilməsi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin maksimum dərəcədə təmin olunması üçün daha da əzmlə çalışmalı, işimizi günün tələbləri səviyyəsində qurmalıyıq.

O da vurğulanıb ki, artiq islahatların ikinci mərhələsi başlanıb və bu mərhələdə əsas hədəflərdən biri də kadrların potensialının üzə çıxarılması və ondan düzgün istifadənin təmin edilməsidir. Bu məqsədlə keçirilən attestasiyanın nəticələri gömrük sistemində kadrların düzgün seçilməsinə və yerləşdirilməsinə, vəzifəli şəxslərin cavabdeh olduğu sahəyə uyğunluğunun müəyyənləşməsinə imkan verəcək. Attestasiya həm də gömrük orqanları əməkdaşlarının peşə bilik və bacarıqlarının aşkar olunmasına, əməkdaşların potensialından səmərəli şəkildə və uyğun olan sahədə istifadə olunmasına şərait yaradacaq.

Tədbirdən sonra attestasiya komissiyasının üzvlərinin iştirakı ilə gömrük əməkdaşlarının attestasiyasına start verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.