İQTİSADİYYAT
“Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlimin üçüncü günündə jurnalistlərlə fikir mübadiləsi aparılıb
Qusar, 27 sentyabr, Elvin Camalov, AZƏRTAC
“Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlimin üçüncü günündə jurnalistlərlə fikir mübadiləsi aparılıb.
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Qusar rayonunda təşkil etdiyi “Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlimin üçüncü günündə jurnalistlər “Risk analizləri və Risklərin idarə edilməsi”, “Gömrük statistikası necə aparılır, metodologiya, statistik məlumatların yerləşdirilməsi və istifadə üsulları” və “Media orqanlarında gedən yanlışlıqlar və düzgün anlaşılmayan ifadələr” mövzularında məlumatlandırılıb.
“Risk analizləri və risklərin idarə edilməsi” mövzusunda çıxış edən Gömrük Risklərinin İdarə Olunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin əməkdaşı Saleh Xəlilli risk analizlərinin aparılması qaydalarından, bu analizlərin aparılmasının gömrük işinə göstərdiyi təsirlərdən danışıb.
“Gömrük statistikası necə aparılır, metodologiya, statistik məlumatların yerləşdirilməsi və istifadə üsulları” mövzusunda məruzəçi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin Gömrük Statistikası İdarəsinin rəisi Əzizağa Əhmədov isə gömrük statistikasına daxil olan və olmayan mallar barədə məlumat verib, statistikanın hazırlanması metodları ilə bağlı çıxış edib.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov “Media orqanlarında gedən yanlışlıqlar və düzgün anlaşılmayan ifadələr” mövzusunda jurnalistlərlə fikir mübadiləsi aparıb. Bildirib ki, DGK daim jurnalistlərlə sıx əlaqədə olur, xəbərlərin dolğun və dəqiq çatdırılması üçün şərait yaradır, jurnalistlərin gömrük sahəsində biliklərinin artırılması istiqamətində bir sıra seminarlar, təlimlər və press-turlar təşkil edir. Buna baxmayaraq, bir sıra kütləvi informasiya vasitələrində yanlış xəbərlər dərc edilir ki, bunun da əsas səbəblərindən biri məlumatın dəqiqləşdirilmədən dərc edilməsi və gömrük sahəsində işlədilən bəzi ifadələrin düzgün mənimsənilməməsidir.
Təqdimatlar zamanı iştirakçıların təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Xatırladaq ki, sentyabrın 25-də başlayan təlim ayın 29-dək davam edəcək.