CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən malların sərnişin qatarının tavanında gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 20 aprel, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən malların sərnişin qatarının kupe vaqonunun tavanında gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyasından daxil olan Rostov-Bakı sərnişin qatarına gömrük baxışı keçirilib.
Baxış zamanı, qatarın 9-cu vaqonunun 2-ci kupesinin tavanındakı havalandırma sistemində olan boşluqda gömrük nəzarətindən gizlədilən mallar aşkar edilib.
Vaqonun bələdçisi Rusiya Federasiyası vətəndaşının gizlətdiyi bu mallar - 18 ədəd kişi papağı, 27 ədəd papaq içliyi, 22 ədəd quzu dərisi, 2 ədəd suiti dərisi və 1 ədəd quzu dərisindən tikilmiş palto olub.
Faktla bağlı araşdırma aparılır.