CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən mobil telefon, siqaret və dərman vasitələri aşkarlanıb
Bakı, 10 fevral, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında 2 fakt üzrə tütün məmulatlarının, mobil telefonlar və dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşlarının idarə etdiyi “DAF” markalı yük avtomobilləri saxlanılıb və sürücülər şifahi sorğu-sual olunublar. Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Gömrük baxışı zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən, qutusu və aksesuarları olmayan 1 ədəd “iPhohe 11 Pro MAX 64 GB”, 1 ədəd “iPhone X Space 256 GB” markalı mobil telefon, 250 ampul dərman vasitəsi, həmçinin 1800 ədəd “Parliament Heets”, 680 ədəd “King” markalı siqaret və 25 ədəd “Belomorkanal” adlı papiros aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.