CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr və dərman preparatları aşkarlanıb
Bakı, 26 noyabr, AZƏRTAC
Gömrükçülər külli miqdarda pirotexniki vasitələrin və dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə ağacyonqarlı piltələr, səthi melaminlə hopdurulmuş, kağızla örtülmüş laminat yükü gətirən “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və terminalın ərazisinə gətirilib. Yoxlama zamanı nəqliyyat vasitəsində gətirilən yüklərdən əlavə karton qutuların olduğu müəyyən edilib. Baxış zamanı 213 irihəcmli qutuda 10 min 384 ədəd fişəng, 164 min 560 ədəd petarda və 2 qutuda 42 min ədəd “Prednizalon 5 mg” adlı həb, 66 flakon “Fosit 4 g” adlı dərman vasitələri aşkarlanıb.