CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb
Bakı, 29 aprel, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 4 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar gömrük postunda İrandan idarə etdikləri “Mack” markalı yük avtomobilləri ilə gələn həmin ölkə vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar. Nəqliyyat vasitələrinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Bu zaman xidməti itlər avtomobillərin kabinəsinə və qoşqusuna reaksiya veriblər. Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 8200 ədəd müxtəlif markalı siqaret aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.