CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən valyuta aşkarlanıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Gömrük əməkdaşları xeyli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən aparılması cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Mazımçay" gömrük postunda Gürcüstan vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Baxışdan öncə, Gürcüstan vətəndaşı bəyannamədə göstərdiyi 1000 ABŞ dollarından artıq pul vəsaitinin olmadığını bildirib. Lakin yoxlama zamanı yük maşınının kabinəsində radio-maqnitofon üçün nəzərdə tutulmuş, ancaq boş olan hissədə kağız bağlamanın olduğu müşahidə edilib. Kağız bağlama gizlədilmiş yerdən çıxarılıb açılarkən içərisindən gömrük nəzarətindən gizlədilmiş əsginaslar – 16 min 85 ABŞ dolları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.