CƏMİYYƏT
Gömrük nəzarətinə bəyan edilməyən siqaret və spirtli içkilərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 18 yanvar, AZƏRTAC
Gömrük nəzarətinə bəyan edilməyən siqaret və spirtli içkilərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Opel Vectra” markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan əvvəl vətəndaş ona məxsus avtomobildə gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirsə də, gömrük yoxlaması zamanı avtomobilin yük yerində - ehtiyat təkər olan hissədə 20 ədəd bir litrlik “Nemiroff Delicat” adlı spirtli içki, 5 min 200 ədəd “Gold Marlboro Edge” və 800 ədəd “Parliament Super Slims” markalı siqaretlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.