İQTİSADİYYAT
Gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar növbəti müsabiqənin birinci mərhələsi keçirilib
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Dövlət Gömrük Komitəsində qadınların gömrük orqanlarında xidmətə qəbulu ilə əlaqədar növbəti müsabiqənin birinci - test imtahan mərhələsi keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqədən əvvəl Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov çıxış edib. O bildirib ki, imtahan gender bərabərliyinin təmin olunması istiqamətində dövlət siyasətindən irəli gələn məsələlərin yerinə yetirilməsi məqsədilə təşkil olunub.
İ.Hüseynov qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən davamlı iqtisadi inkişaf strategiyasının reallaşmasında Dövlət Gömrük Komitəsi də mühüm rol oynayır. Gömrük işinin daha da səmərəli təşkil olunması məqsədilə gömrük sistemində ciddi islahatlar aparıldığını bildirən İ.Hüseynov nəticədə vakant yerlərin yarandığını diqqətə çatdırıb. Vurğulayıb ki, ölkədə aparılan uğurlu gender bərabərliyi siyasətinə töhfə vermək məqsədilə vakant yerləri üçün elan olunan müsabiqədə yalnız qadın namizədlərin iştirakı məqsədəuyğun hesab olunub.
Bundan öncə xidmətə qəbulla bağlı keçirilən birinci müsabiqənin uğurla yekunlaşdığını diqqətə çatdıran İ.Hüseynov bu dəfə də layiqli namizədlərin müvəffəqiyyət qazanacağına əminliyini ifadə edib.
Sonra test imtahanına start verilib. Müsabiqədə 229 namizəd iştirak edir.
Qeyd edək ki, tam şəffaf şəkildə keçirilən imtahanların nəticələri informasiya texnologiyalarının tətbiqi hesabına dərhal elan edilir.