İQTİSADİYYAT
Gömrük orqanlarının yeni əməkdaşları üçün təcrübə proqramı keçirilib
Bakı, 20 dekabr, AZƏRTAC
Bakı Baş Gömrük İdarəsində gömrük orqanlarında xidmətə yeni qəbul olunan əməkdaşlar üçün təcrübə proqramı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, gənc gömrükçülərə xidməti fəaliyyətləri zamanı tələb olunan zəruri bilik və bacarıqlar öyrədilib, peşə vərdişləri aşılanıb.
Yeni əməkdaşlar üç gün müddətində Bakı Baş Gömrük İdarəsinin müxtəlif şöbə və postlarında peşəkar gömrükçülərlə birlikdə iş prosesində yaxından iştirak ediblər. Onlar iş bölgüsü, gömrükçülərin gün ərzində gördüyü cari işlər, gömrük qanunvericiliyinin tətbiqi, gömrük rəsmiləşdirilməsi ilə bağlı bütün mərhələlərlə əyani şəkildə tanış olublar.
Təcrübə müddətində Abşeron Logistika Mərkəzində yerləşən Abşeron gömrük postunda gənclərə malların boşaldılması prosesində gömrük nəzarətinin təşkili, malların Mərkəzi Gömrük Ekspertiza idarəsinə, yəni gömrük laboratoriyasına göndərilməsi, gömrük nəzarətində olan mallardan nümunələrin götürülməsi, gömrük aktının tərtib olunması və digər əməliyyatların həyata keçirilməsi qaydaları öyrədilib. Eyni zamanda, Abşeron Logistika Mərkəzi vasitəsilə qonşu ölkələrlə idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi, eləcə də Azərbaycan ərazisindən multimodal yükdaşımalarının daha çevik şəkildə yerinəyetirilmə prosesi ilə bağlı məlumatlandırılıblar.
Xidmətə yeni qəbul olunan əməkdaşların təcrübə rəhbəri, Bakı Baş Gömrük İdarəsinin rəis müavini Zaur Bağırov bildirib ki, təcrübə proqramına Bakı Baş Gömrük İdarəsinin təcrübəli və peşəkar əməkdaşları cəlb olunub və yeni əməkdaşlar bu müddətdə hüquqpozmalarla bağlı faktları əyani şəkildə müşahidə edib, onlara gömrük işi, o cümlədən gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti, sıra hazırlığı və digər zəruri mövzular üzrə qazandıqları nəzəri bilikləri tətbiq etmək imkanı da yaradılıb.
Qeyd edək ki, yeni əməkdaşlar bundan əvvəl Dövlət Gömrük Komitəsinin Akademiyasında bir aylıq hazırlıq kursları keçiblər.