İQTİSADİYYAT
Gömrük sistemində qabaqcıl dünya praktikasına uyğun çoxşaxəli islahatlar reallaşdırılır
Bakı, 6 fevral, AZƏRTAC
Müasir dünyada sürətli qloballaşma və xarici ticarətin intensivləşməsi prosesləri dövlətin iqtisadi maraqlarının qorunması baxımından gömrük sisteminin yeni çağırışlara adaptiv transformasiyasını obyektiv zərurətə çevirir. Sərt beynəlxalq rəqabət şəraitində hər bir ölkədə xüsusi aktuallıq kəsb edən əlverişli xarici ticarət mühitinin möhkəmləndirilməsi üçün ənənəvi nəzarət və fiskal funksiyalarının təkmilləşdirilməsi ilə yanaşı, gömrük orqanlarının işinin müasir əsaslarla yenidən təşkili başlıca şərtlərdəndir.
Bu sözləri gömrük xidməti sahəsində həyata keçirilən islahatları AZƏRTAC-a şərh edən Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat idarəsinin rəisi Fuad Əlizadə deyib.
Ölkəmizdə gömrük sisteminin yeni inkişaf paradiqmasının məhz bu qlobal trendlər və postneft dövrünün prioritetləri əsasında müəyyənləşdirildiyini bildirən F.Əlizadənin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sferasında reallaşdırılan çoxşaxəli islahatlar fəaliyətimizin bütün aspektlərini əhatə etməklə gömrük işinin yüksək vətəndaş məmnunluğuna söykənən modernləşməsini hədəfləyir.
İdarə rəisi keyfiyyətli xidmətlərin göstərilməsi baxımından gömrük infrastrukturunun idxal-ixrac əməliyyatlarının intensivliyinin və həcminin artım dinamikasına uyğun şəkildə davamlı inkişaf etdirilməsinin mühüm aktuallığını qeyd edib. Bildirib ki, ölkə başçısının tapşırığı əsasında start verilmiş total yenidənqurma işləri gömrük-keçid məntəqələrində sıxlığın tam aradan qaldırılmasına, vətəndaşların daha rahat və sürətli hərəkətinə şərait yaratmaqla yanaşı, gömrük xidmətinin maddi-texniki təchizatını xeyli gücləndirəcək.
F.Əlizadə deyib: “İslahatların əsas istiqamətlərindən biri də, xarici ticarət iştirakçıları ilə tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi kontekstində mütərəqqi, şəffaf və çevik inzibatçılığın hərtərəfli təmin edilməsidir. Bu yöndə ardıcıl həyata keçirilən tədbirlər gömrük prosedurlarının sadələşdirilməsinə, ölkənin ixrac və tranzit potensialının artırılmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asanlaşdırılmasına şərait yaradıb. Müasir texnologiyaların və innovasiyaların geniş tətbiqi və biznes proseslərin avtomatlaşdırılması gömrük orqanlarının işində səmərəliliyin daha da artırılmasına yönəlib. Bu baxımdan xarici ticarət iştirakçılarının kompleks uçot və təhlil sisteminin təkmilləşdirilməsi, xidmətlərin elektronlaşdırılması, gömrük əməkdaşları tərəfindən qərarların qəbul edilməsində subyektivliyin minimuma endirilməsi istiqamətində ciddi uğurlar əldə olunub”.
Gömrük xidmətlərinin göstərilməsində mühüm innvoativ yeniliklərdən olan “Yaşıl dəhliz”in uğurla tətbiq edildiyini qeyd edən idarə rəisi qeyd edib ki, ötən il 530-dək xarici iqtisadi fəaliyyət iştirakçısına həm idxalda, həm ixracda bu status tanınıb, qısa müddətdə illik 8 milyard dollaradək ticarət dövriyyəsi həyata keçirilib. Tam şəffaf fəaliyyət göstərən modern gömrük buraxılış sistemi effektiv dövlət tənzimləmə mexanizmini ortaya qoymaqla yanaşı, sahibkarların logistika və anbar xərclərini aradan qaldıraraq on milyonlarla vəsaitlərinə qənaət etməyə şərait yaradıb.
Ötən iki il ərzində gömrük nəzarətinin gücləndirilməsi yönündə islahatlara nəzər salan idarə rəisi bu istiqamətdə görülən işlər nəticəsində kölgə iqtisadiyyatı ilə bağlı səmərəli mübarizənin büdcə daxilolmalarının həcminə müsbət təsirini diqqətə çatdırıb: “Gömrük orqanlarının xətti ilə 2019-cu il üçün büdcə daxilolmaları üzrə proqnozlaşdırılan 3 milyard 702 milyon manat əvəzinə büdcənin icrası 4 milyard 408 milyon manat təşkil edib. Proqnoza 119,1 faiz əməl olunmaqla, dövlət büdcəsinə 706,6 milyon manat əlavə vəsait köçürülməsi 2019-cu ildə vergitutma bazasının əvvəlki illərlə müqayisədə eyni səviyyədə qalması şəraitində baş verib”.
O, gömrük fəaliyyətində səmərəliliyi artıran bu kimi genişmiqyaslı və sistemli tədbirlərin bütövlükdə gömrük işi mədəniyyətinin yüksəlməsinə gələcəkdə də əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.