İQTİSADİYYAT
Gömrük tranzitinin asanlaşdırılması mövzusunda regional seminar təşkil edilib
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də Bakıdakı Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzində gömrük tranzitinin asanlaşdırılması mövzusunda regional seminar keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası arasında əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirdə Türkiyə, Azərbaycan, Qırğızıstan və ekspert qismində Gürcüstanın nümayəndələri iştirak edib.
Seminarın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov bildirib ki, yüklərin sürətli, maneəsiz və təhlükəsiz daşınması beynəlxalq ticarətin əsas amillərindən biridir və tranzit ölkələr bu sahədə mühüm rola malikdir. Ölkələrin, o cümlədən Azərbaycanın iqtisadi inkişafında tranzitin əhəmiyyətinə toxunan komitə sədrinin müavini gömrük orqanlarının tranzit əməliyyatlarının sadələşdirilməsi və tənzimlənməsində xüsusi rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, coğrafi mövqe baxımından Azərbaycanın “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri üzərində yerləşməsi ölkənin tranzit potensialının inkişafı üçün münbit şərait yaradır. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, ölkədən keçən tranzit dəhlizlərinin səmərəliliyinin və rəqabətqabiliyətliliyinin artırılması, yükdaşımaların sürətləndirilməsi, risk analizlərinin tətbiqi hesabına sərhədkeçmə prosedurlarının sadələşdirilməsi məqsədilə gömrük orqanları bir sıra tədbirlər həyata keçirir.
C.Qasımov Azərbaycanda uğurlu daxili və xarici siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, gömrük sisteminin də təkmilləşdirildiyini deyib. Azərbaycan gömrük xidmətinin dinamik inkişaf etdiyi, beynəlxalq standartlara cavab verən müasir layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb və bu kimi seminarların gömrük sahəsində şəffaflığın artırılmasında, gömrük-biznes əməkdaşlığının gücləndirilməsində, tranzit daşımalarının asanlaşdırılması və sürətləndirilməsində mühüm rol oynayacağı vurğulanıb. O, tranzit daşımalarının həcminin artırılması və məlumat mübadiləsi sahəsində əməkdaşlığın gücləndirilməsinin də Azərbaycan üçün prioritet məsələ olduğunu deyib.
Türk Şurası baş katibinin müavini Qismət Gözəlov isə qeyd edib ki, sərhəd-keçid məntəqələrində yüklərin və insanların gömrük-keçid məntəqələrini sərbəst keçməsi üçün ölkələr arasında əməkdaşlıq vacibdir. Bununla əlaqədar sərhəd-keçid prosedurlarının və infrastrukturun modernləşdirilməsinə yönələn addımlar atılmalıdır. Q.Gözəlov üzv ölkələr arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün malların, nəqliyyat vasitələrinin idxal və ixracı zamanı rəsmiləşdirilmə prosesinin sadələşdirilməsinə toxunub və “Karvansara” layihəsinin əhəmiyyətini vurğulayıb.
Seminarda gömrük tranzitinin asanlaşdırılması sahəsində milli təcrübələrə dair təqdimatlar keçirilib, həmçinin Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi, BYD Konvensiyası və elektron BYD layihələrinin reallaşdırılması, Azərbaycanın tranzit potensialından səmərəli istifadə, beynəlxalq avtomobil daşımalarının ölkədəki vəziyyəti, inkişaf perspektivləri və digər mövzularda məruzələr dinlənilib.