REGİONLAR


Gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

Bakı, 7 noyabr, AZƏRTAC

Vergilər Nazirliyinin Şamaxıdakı Tədris Mərkəzində “Gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi baxımından beynəlxalq təcrübə” mövzusunda seminar təşkil edilib.

Bu barədə AZƏRTAC-a nazirliyin Media və kommunikasiya mərkəzindən açıqlama verilib.

Tədris Mərkəzinin direktoru Fərhad Əmirbəyov bildirib ki, dövlət başçısının imzaladığı “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi nəzərdə tutulub.

Sərəncamdan irəli gələn məsələlərin həlli məqsədilə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında razılaşma sənədi imzalanıb. Hər iki tərəfin hazırladığı iş planında bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu tədbirlərdən biri də məlumat mübadiləsinin aparılmasıdır.

Dövlət Gömrük Komitəsinin sədr müavini İsmayıl Hüseynov bildirib ki, gömrük və vergi orqanları tərəfindən birgə yaradılmış Vahid Risk Platforması xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risklərin qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcıları və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədris Mərkəzinin “İqtisadiyyat və menecment” kafedrasının müdiri İmran Qarayev təqdimatla çıxış edərək söyləyib ki, dünya iqtisadiyyatının qloballaşması, mal və xidmətlərin, maliyyə resurslarının sərbəst axını, maliyyə və vergi cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi, bəzi ziddiyyətli məqamların aradan qaldırılması vergi və gömrük orqanları arasında koordinasiyanın genişləndirilməsini və idxal-ixrac əməliyyatlarına birgə nəzarəti zəruri edir.

Dövlət başçısının imzaladığı müvafiq sərəncamdan irəli gələn vəzifələrdən biri vergi və gömrük orqanları arasında informasiya mübadiləsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqidir. Hazırda Tədris Mərkəzi tərəfindən beynəlxalq təcrübədə vergi və gömrük orqanları arasında geniş istifadə olunan xarici ticarət statistikası metodologiyası, informasiya mübadiləsini tənzimləyən qanunvericilik aktlarının müəyyənləşdirilməsi, mexanizmləri və həyata keçirilməsi üsullarının təhlili üzrə araşdırmalar davam etdirilir.

Dövlət Gömrük Komitəsinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Dilavər Fərzəliyev diqqətə çatdırıb ki, tərəflər bu sahədəki fəaliyyətlərini Beynəlxalq Gömrük Təşkilatı tərəfindən hazırlanmış tövsiyələrə uyğun həyata keçirəcək.

Qarşılıqlı maraq kəsb edən sahələrdə birgə əməkdaşlıq, gömrük və vergi qanunvericiliyində təkmilləşdirmələrin aparılması, informasiyaların məxfiliyi və təhlükəsizliyi, adekvatlığı və informasiyaların təsdiq edilməsi ciddi əhəmiyyət kəsb edir.

Hazırda ən innovativ texnologiyaların, məsələn, ümumi vergi və gömrük səlahiyyətli “iqtisadi operator sxemi”nin qurulması üzərində iş aparılır. Bu cür müasir texnologiyalar tərəflər üçün idxal və ixrac əməliyyatları haqqında informasiya, vətəndaşlar tərəfindən ölkəyə daxil olan və çıxan valyutanın həcmi, transfert qiymətləndirmə və dolayı vergilər (idxalda ƏDV, aksizlər və s.), riskli vergiödəyiciləri barədə məlumatları mübadilə etməyə imkan verəcək.

Tədris Mərkəzinin “Vergi qanunvericiliyi və təsərrüfat hüququ” kafedrasının müəllimi Orxan Balayev beynəlxalq təcrübədə vergi və gömrük administrasiyaları arasında informasiya mübadiləsinin ən səmərəli modellərinin tətbiq edildiyi Serbiya, Rusiya Federasiyası, Koreya Respublikası, Birləşmiş Krallıq, Finlandiya, ABŞ, İspaniya, eləcə də Avropa İttifaqının Gömrük İttifaqına daxil olan ölkələrinin təcrübəsinin nəzərdən keçirildiyini qeyd edib. Qabaqcıl təcrübəyə uyğun olaraq, həm vergi, həm də gömrük orqanları idxal və ixrac, valyuta bəyannamələri, transfert və gömrük qiymətləndirilməsi, daxili, birbaşa və dolayı vergilər, riskli vergiödəyiciləri haqqında informasiyanın təhlili barədə bir-birini məlumatlandırır. İnformasiya mübadiləsi sorğu, avtomatik ötürülən məlumatlar, təhlil, sistemli informasiya bazasına qarşılıqlı giriş imkanları, istifadə olunmuş məlumat bazası və analitik informasiya yolu ilə həyata keçirilir.

Tədris Mərkəzinin “Vergi metodologiyası” kafedrasının müəllimi Tural Abbasovun fikrincə, Azərbaycanın vergi sistemi bir sıra xüsusiyyətlərinə görə İspaniyanın vergi sisteminə daha yaxın olduğundan, informasiya mübadiləsindən uyğun model kimi bu ölkənin təcrübəsi daha məqsədəuyğun hesab edilir.

Müzakirə iştirakçıları birgə məlumat mübadiləsinin idxal və ixraca nəzarət işinin səmərəliliyinə mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.