CƏMİYYƏT


Gömrükçülər 122 kiloqramdan çox heroin aşkarlayıblar VİDEO

Bakı, 22 aprel, AZƏRTAC

Gömrükçülər daha bir uğurlu əməliyyat nəticəsində 122 kiloqramdan çox narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyaya alma yükü aparan İran İslam Respublikası vətəndaşı Nasiri Sadaghiani Peymanın idarə etdiyi “Scania” markalı “39AA901/39AA902” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib. Baxış zamanı kinoloji xidmət iti yük nəqliyyat vasitəsinin müxtəlif hissələrinə, eləcə də dartıcının kabinəsinə reaksiya verib. Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən müxtəlif rəngli 153 kapsula aşkar edilib. Xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun arxa hissəsinə, iki taylı qapısına da reaksiya verib. Bundan sonra yük nəqliyyat vasitəsi Astara gömrük postunun inzibati ərazisində olan stasionar rentgen qurğusundan keçirilib. Bu zaman qapıların hər iki divarının arasında yerləşən, qoşqunun temperaturunun tənzimlənməsi məqsədilə zavod konstruksiyasında nəzərdə tutulmuş penoplast kütləsinin çıxarıldığı və yerinə qapının hündürlüyü boyunca qara rəngli parçaya bükülən 12 ədəd bağlamada hər birində 17-21 ədəd olmaqla, ümumilikdə 240 ədəd yapışqanlı lentlə sarınan düzbucaqlı formalı bağlamalar aşkarlanıb. Baxış zamanı bağlamalarda 122 kiloqram 480 qram açıq-qəhvəyi rəngli narkotik vasitə - heroinin qablaşdırıldığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.