CƏMİYYƏT


Gömrükçülər 137 kiloqramdan artıq narkotik vasitə - heroin aşkarlayıb VİDEO

Bakı, 3 dekabr, AZƏRTAC

Gömrükçülər külli miqdarda - 137 kiloqramdan artıq heroin aşkar edib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, narkotik vasitə tranzit şəkildə Azərbaycandan keçən yük nəqliyyat vasitəsində aşkarlanıb. Belə ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Qazaxıstana “DAF” markalı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda həmin nəqliyyat vasitəsi saxlanılıb. “Marqarin” yükü aparan avtomobilin sürücüsü şifahi sorğu-sual zamanı idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük nəzarəti zamanı kinoloji xidmət iti avtomobilin kabininə reaksiya verdiyindən nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib və kabinin tavanında şübhəli cizgilər müşahidə olunub. Nəqliyyat vasitəsində əsaslı yoxlama aparan gömrük əməkdaşları kabinin içərisindəki üzlüyün altında yerləşdirilərək gömrük nəzarətindən gizlədilən 171 ədəd düzbucaqlı formalı bağlamalar aşkarlanıb. Baxış zamanı bağlamalarda ümumi çəkisi 137 kiloqram 339 qram narkotik vasitə - heroin olduğu müəyyən edilib.

İlkin sorğu-sual zamanı sürücü həmin narkotik vasitənin əvvəlcədən razılaşma yolu ilə İranda nəqliyyat vasitəsinə yüklənildiyini və müəyyən pul vəsaiti müqabilində Qazaxıstana aparmalı olduğunu bildirib.

Qeyd edək ki, aşkar edilən narkotik vasitə - heroinin Avropanın qara bazarında dəyəri təqribən 16 milyon manatdan artıqdır.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.