CƏMİYYƏT
Gömrükçülər 305 kiloqramdan artıq narkotik vasitə - heroin aşkarlayıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Gömrükçülər daha bir uğurlu əməliyyat nəticəsində 305 kiloqramdan artıq narkotik vasitə-heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında, “Astara” gömrük postunda İran vətəndaşı Arazigojog Abdolrazzaq Moradgoli oğlunun idarə etdiyi “Traktor” markalı, 27A455/56-10 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb. Müvafiq sənədlərdə həmin avtomobillə Azərbaycandan tranzit keçməklə İrandan Qazaxıstana “kənd təsərrüfatı üçün avadanlıq - kotan” yükünün aparıldığı qeyd edilib. Lakin sözügedən nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılarkən xidməti it kotanların dəmir çərçivəsinə reaksiya verib və yüklər stasionar rentgen qurğusundan keçirilib. Bu zaman 22 ədəd kənd təsərrüfatı avadanlığından 12 ədədinin içərisində - kotanların dəmir çərçivəsindəki boşluqda gizlədilən 598 ədəd bağlamada, ümumi çəkisi 305 kiloqram 289 qram olan narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.