İQTİSADİYYAT


Gömrükçülər Bakıda keçiriləcək beynəlxalq tədbirin təşkilatı məsələləri ilə əlaqədar İspaniyaya səfər ediblər

Bakı, 19 fevral, AZƏRTAC

Cari ilin may ayının 2-4-də Dövlət Gömrük Komitəsinin (DGK) təşkilatçılığı ilə Bakıda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik assambleya və konfransı keçiriləcək.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransın təşkilati məsələlərinin həll edilməsi məqsədilə DGK Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İspaniya Krallığının Barselona şəhərində işgüzar səfərdə olub.

Səfərin ilk günü Barselona Azad İqtisadi Zona Konsorsiumunda qurumun icraçı prezidenti Jordi Cornetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə konsorsiumun fəaliyyəti haqqında videoçarx təqdim edilib, Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının prezidenti, İspaniyanın Gömrük Agentləri Şurasının sədr müavini, Barselona Gömrük Təmsilçiləri Kollegiyasının sədri Antonio Llobet Bakıda təşkil edilməsi planlaşdırılan tədbirlər haqqında geniş məlumat verib.

Antonio Llobet hökumət və özəl sektor nümayəndələrinin iştirakı ilə beynəlxalq təchizat sisteminin bütün tərəfləri üçün nəzərdə tutulan tədbirlərdə Barselona Azad İqtisadi Zona Konsorsiumunda fəaliyyət göstərən şirkətlərın iştirakının təmin edilməsi üçün müvafiq yardımın göstəriləcəyinə ümidvar olduğunu bildirib.

DGK Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev son illər Azərbaycanda gömrük və logistika sahəsində görülən işlər, Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi mütərəqqi islahatlar və Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi iri logistik layihələr barədə məlumat verib, “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmizdə malların daşınması üçün münbit logistik şəraitin və müvafiq infrastrukturun qurulduğunu, bu tədbirlərin logistika sahəsində fəaliyyət göstərən şirkətlər arasında Azərbaycanın logistik imkanlarının nümayiş və təşviq edilməsi üçün müstəsna fürsət yaradacağını diqqətə çatdırıb. Görüş zamanı Azərbaycan haqqında videoçarx nümayiş etdirilib.

Səfərin ilk günü İspaniya Krallığında fəaliyyət göstərən sahibkarları və iri Kataloniya sənayesini təmsil edən təşkilat – “Foment del Treball Nacional”ın beynəlxalq komissiyasının prezidenti Joan Canals ilə keçirilən görüşdə də Azərbaycan, onun gömrük xidməti və ölkənin irimiqyaslı logistik layihələrı, eləcə də Bakıda keçiriləcək tədbirlər haqqında məlumat verilib.

Səfərin növbəti günündə Barselona şəhər Şurasında keçirilən görüşdə Bakı şəhərində keçirilməsi planlaşdırılan tədbirlərdə Barselonada fəaliyyət göstərən şirkətlərin iştirakının təmin edilməsi ilə bağlı səmərəli müzakirələr aparılıb.

Barselona Limanında keçirilən görüşdə isə Barselona kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı da təmin edilib və mətbuat konfransında Azərbaycan, ölkəmizin gömrük sistemi, mütərəqqi islahatlarla müşayiət olunan layihələr, ölkəmizin logistik imkanları haqqında geniş məlumat verilərək videoçarx nümayiş olunub və bu məlumatlar yerli kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.

Səfər çərçivəsində Səlahiyyətli İqtisadi Operator statusunun alınması üçün qanunvericilik bazası, “Yaşıl dəhliz” buraxılış sistemi, DHL şirkətinin Azərbaycanda fəaliyyəti və Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığına dair təqdimatlar nümayiş olunub.

Sonda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının prezidentinin və səlahiyyətli nümayəndələrinin iştirakı ilə Bakıda keçiriləcək tədbirlərin təşkilati məsələləri, tərəflərin öhdəlikləri, assambleya və konfransın uğurlu təşkili üçün müvafiq tədbirlər ətraflı müzakirə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.