CƏMİYYƏT
Gömrükçülər Heydər Əliyev Mərkəzini ziyarət ediblər
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq Dövlət Gömrük Komitəsinin əməkdaşları, DGK Akademiyasının tələbələri, “Könüllü gömrükçü” dəstəsinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı gömrükçülərə Mərkəzlə bağlı geniş məlumat verilib. Qeyd edilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.
Gömrükçülər Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar.
Ulu öndər Heydər Əliyevin zəngin irsindən bəhrələnmək imkanı yaradan ziyarət çərçivəsində gənclər, həmçinin “Musiqi alətləri: birlik və müxtəliflik”, “Klassik avtomobil” sərgilərini də yaxından görmək imkanı əldə ediblər.