CƏMİYYƏT
Gömrükçülər dərman preparatları aşkarlayıblar
Bakı, 21 fevral, AZƏRTAC
Gömrükçülər dərman preparatları aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşları "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı kanal"a yönləndiriliblər. Vətəndaşlara məxsus çanta və çamadanlar rentgen aparatından keçən zaman monitorda şübhəli əşyalar təsvir olunduğuna görə təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunublar. Nəticədə əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və yazılı formada bəyan edilməyən ümumilikdə 46 adda dərman preparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.