CƏMİYYƏT


Gömrükçülər iki fakt üzrə 133 kiloqramdan çox narkotik vasitə aşkarlayıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Gömrükçülər tərəfindən iki fakt üzrə narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyəyə gedən, həmin ölkənin vətəndaşının idarə etdiyi 76DH649/76DH114 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində xidməti itin tətbiqi ilə gömrük baxışı həyata keçirilib. Xidməti itin reaksiyası nəticəsində 26 kisədə, ümumi çəkisi 19 min 230 kiloqram olan qara rəngli süngər (pemza) daşı yükünün içində 68 kiloqram 390 qram narkotik vasitə - tiryək aşkarlanıb.

Həmin nəqliyyat vasitəsinin ardınca Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyəyə getmək üçün giriş edən, hərəkət marşrutu, yükü, idxalatçı və ixracatçının rekvizitləri eyni olan, Türkiyə vətəndaşının idarə etdiyi 76DF619/76DH576 dövlət nömrə nişanlı “Man” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilən zaman isə 26 kisədə, ümumi çəkisi 19 min 790 kiloqram olan qara rəngli süngər daşlarının içindən 65 kiloqram 20 qram narkotik vasitə - tiryək aşkar edilib.

Hər iki fakt üzrə oxşar gizlətmə üsulundan istifadə edilib. Belə ki, ümumi çəkisi 133,4 kiloqram olan narkotik vasitə qarışdırıldığı süngər daşları ilə eyni formaya salınmaqla aşkarlanması çətinləşdirilmiş halda olub.

Qeyd olunan faktlarla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.