REGİONLAR
Gömrükçülər külli miqdarda siqaretin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdlərinin qarşısını alıb VİDEO
Xaçmaz, 18 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdlərinin qarşısını alıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla bağlı iki fakt idarənin “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasında qeydə alınıb.
Belə ki, Rusiya Federasiyası istiqamətindən ölkəyə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “DAF XF105” markalı yük avtomobilinə gömrük baxışı keçirilib. Baxış zamanı, avtomobilin ehtiyat hissələri qoymaq üçün nəzərdə tutulmuş yerində iki ədəd plastik qutuda, kabinənin yataq yerindəki döşəyin altında, kabinədə olan əl çantasında və kabinənin tavan hissəsində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerlərdə ümumilikdə 17 min 600 ədəd “Marlboro Silver Pack 72S” markalı siqaret aşkar olunub.
Rusiyadan gələn digər Azərbaycan vətəndaşının idarə etdiyi “DAF XF105” markalı yük avtomobilinə gömrük baxışı zamanı isə avtomobilin kabinəsində olan yataq yerindəki döşəyin altında, ehtiyat hissələri qoymaq üçün nəzərdə tutulmuş yerdə və kabinədəki digər boşluqlarda 5 min 200 ədəd “Marlboro Silver Pack” və 11 min 800 ədəd “Marlboro Silver Pack 72s” markalı siqaretlər aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.