CƏMİYYƏT


Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıb

Bakı, 21 yanvar, AZƏRTAC

Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşları - iki qadın gömrük nəzarətindən keçən zaman özlərini şübhəli, narahat apardıqları üçün saxlanılıb və şifahi sorğu-sual aparılıb. Sorğu-sual zamanı onlardan üzərlərində qadağan olunan və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmet, o cümlədən də narkotik vasitə və psixotrop maddələrin olub-olmaması soruşulub. Vətəndaşlar isə öz növbəsində üzərlərində gömrük nəzarətinə təqdim edilməli hər hansı predmetin olmadığını bildiriblər. Lakin daxili orqanlarında narkotik vasitə gizlətdikləri ehtimal olunaraq onların tibbi müayinədən keçmələri qərara alınıb. Həkim yoxlamasından keçərkən qanunsuz əməllərinin üstünün açılacağını başa düşən qadınlar çıxılmaz vəziyyətdə qalaraq daxili orqanlarında narkotik vasitələr gizlətdiklərini etiraf ediblər. Beləliklə, qadının birinin daxili orqanında bir ədəd bükümdə ümumi çəkisi 49 qram olan, ağ, xırda kristal halda psixotrop maddə - metamfetamin və ümumi çəkisi 287 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, digərinin isə daxili orqanında bir ədəd bükümdə, ümumi çəkisi 236 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.