CƏMİYYƏT
Gömrükçülər ölkəyə qaçaqmalçılıq yolu ilə “Tramadol”un gətirilməsi cəhdinin qarşısını alıblar
Bakı, 12 avqust, AZƏRTAC
Gömrükçülər ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə cəmi 690 ədəd güclü təsir edən maddə - "Tramadol"un gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşa məxsus iki ədəd polietilen konfet paketlərində, konfetlərlə birlikdə doğranmış formada konfet kağızlarına bükülü 500 həb, şalvarının bel hissəsində 20 həb və corabının altında 170 həb olmaqla, cəmi 690 ədəd güclü təsir edən maddə - "Tramadol" aşkar olunaraq götürülüb.
"Tramadol" adlı dərman preparatı Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir və aşkar olunan 690 həbdə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 138 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.