CƏMİYYƏT
Gömrükçülər psixotrop və narkotik maddələr aşkarlayıb
Bakı, 6 iyul, AZƏRTAC
Gömrükçülər psixotrop və narkotik maddələr aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada tibbi müayinə nəticəsində vətəndaşın daxili orqanında (düzbağırsağında) 1 ədəd bükümdə xalis çəkisi 1,40 qram olan narkotik vasitə - metadon və 2 ədəd bağlamada xalis çəkisi 65,316 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.