CƏMİYYƏT
Gömrükçülər siqaret qutusunda narkotik vasitə aşkarlayıb
Bakı, 5 noyabr, AZƏRTAC
Gömrükçülər siqaret qutusunun içərisində narkotik vasitə aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük Postunda İran İslam Respublikasından qayıdan Azərbaycan vətəndaşı saxlanılıb.
Belə ki, vətəndaş metal axtaran qurğudan keçərkən üzərində olan əşyaları - mobil telefon və tamlığı pozulmamış 2 ədəd “Kent” markalı siqaret qutusunu avadanlığın yanındakı masaya qoyub. Siqaret qutularından birinin digərinə nisbətən ağır olması gömrükçülərdə şübhə doğurub və qutulara baxış keçirilib.
Baxış zamanı bir ədəd “Kent” markalı siqaret qutusunun içində sellofana bükülü vəziyyətdə, qablaşdırılması ilə birgə təqribi çəkisi 1 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə - tiryək, 93 ədəd açıq qəhvəyi rəngli, üzərində “F/M40” nişanəsi olan dairəvi formalı və 5 ədəd ağ rəngli, üzərində “Z40” nişanəsi olan metadon həbləri aşkarlanıb.
Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin”in II Siyahısına daxildir və sintetik narkotik vasitə sayılır.
Faktla bağlı araşdırma aparılır.