Gömrükçülər üçün “Peşə Etikası” mövzusunda seminar təşkil olunub
AzerTAg.az
Bakı, 15 dekabr, AZƏRTAC
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu ölkələrinin gömrük əməkdaşları üçün “Peşə Etikası” mövzusunda onlayn seminar keçirilib.
Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin dəstəyi ilə İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi və ÜGT-nin Qlobal Ticarətin Asanlaşdırılması üzrə Proqramı tərəfindən təşkil olunan seminarda ÜGT-nin Avropa Regionu üzv dövlətlərinin gömrük orqanlarının əməkdaşları iştirak edib.
Seminarın məqsədi gömrük xidməti zamanı transsərhəd əməliyyatlarında şəffaflığının, proqnozlaşdırılmasının artırılması və təmin edilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılmasıdır.
Seminarda çıxış edən DGK-nın əməkdaşı Əzizağa Məcidov bu istiqamətdə gömrük orqanlarının qarşısında qoyulan əsas hədəflərdən, əldə edilən nailiyyətlərdən bəhs edib. Qeyd olunub ki, gömrük orqanlarının fəaliyyətində müvafiq qanunvericiliyə, gömrük işini tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməsi, xidməti intizama riayət olunması üzərində nəzarətin təmin olunması sahəsində konkret tədbirlər həyata keçirilib.
Eyni zamanda, gömrük-biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi, biznes subyektlərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, məmur-vətəndaş təmasının aradan qaldırılması və şəffaflığın təmin edilməsi məqsədilə elektron gömrük xidmətlərinin göstərilməsi istiqamətində aparılan işlər, eləcə də gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərdən bəhs olunub.
Sonda seminardakı çıxışlar ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.


Xəbərin mətnində orfoqrafik səhv var