CƏMİYYƏT
Gömrükçülərə odlu silah və partlayıcı maddələrin qanunsuz alveri mövzusunda təlim təşkil olunub
Bakı, 27 noyabr, AZƏRTAC
Bakı şəhərində Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin (CEPOL) “Mütəşəkkil Cinayətkarlığa qarşı Təlim və Əməliyyat Tərəfdaşlığı” (TOPCOP) layihəsi çərçivəsində “Dark-Vebdə odlu silah və partlayıcı maddələrin qanunsuz alveri” mövzusunda təlim keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, DGK-nın Akademiyası (DGKA) “TOPCOP” layihəsi çərçivəsində Azərbaycanda gömrük xidməti orqanlarının kadr potensialının gücləndirilməsi üzrə məsul qurumdur. Ölkənin milli və iqtisadi təhlükəsizliyinin təmin olunmasında və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə gömrük xidməti orqanlarının kadr potensialının gücləndirilməsinin vacibliyini nəzərə alaraq, Akademiya gömrük sahəsində təlim-tədris qurumu olaraq cari ilin aprel ayında “TOPCOP” layihəsinə tərəfdaş qurum olaraq qoşulub. DGKA-CEPOL əməkdaşlığı nəticəsində Azərbaycanın müvafiq gömrük xidməti orqanlarının əməkdaşları 2024-cü ilədək layihə çərçivəsində həyata keçiriləcək müxtəlif kurslar, modullar, seminarlar, təlimlər və vebinarlarda iştirak hüququ qazanıblar.
Mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində müxtəlif vəzifələr və fəaliyyətlər icra edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının bilik və bacarıqlarının artırılmasını nəzərdə tutan layihə çərçivəsində keçirilən təlimdə DGK-nın və Daxili İşlər Nazirliyinin əməkdaşları da iştirak ediblər.
Təlimin ilk günü odlu silah alveri ilə bağlı Avropada və qlobal miqyasda müzakirə obyekti olan məsələlərə toxunulub və odlu silah alveri mövzusuna insan hüquqları prizmasından olan yanaşmalarla bağlı müzakirələr aparılıb. Daha sonra təlim dinləyicilərinə “dark-veb” barədə nəzəri məlumatlar çatdırılıb və cinayətkar qruplaşmaların “dark-veb”dən odlu silah alveri məqsədilə istifadə üsulları qeyd edilib.
Təlimin son günündə əməliyyat-təhqiqat komandalarında işləyən əməkdaşların istifadə edə biləcəkləri istintaq strategiyaları, açıq və gizli taktikalar, həmçinin potensialın gücləndirilməsi üçün imkanlardan bəhs edilib.
Təlim, ümumilikdə interaktiv qaydada praktiki keyslər əsasında keçirilib. İştirakçılara ilkin nəzəri biliklər çatdırıldıqdan sonra onlar komandalara bölünərək gömrük və polis orqanlarının əməkdaşlarının birgə həll etməsi mümkün olan praktiki tapşırıqlar üzərində işləyib və tapşırığın nəticələrini komanda halında təqdim ediblər.
Təlimin sonunda dinləyicilər ilə təlimin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə anonim sorğu keçirilib və individual olaraq öz təəssüratlarını paylaşmaları üçün imkan yaradılıb.
“TOPCOP” layihəsinin fəaliyyət meneceri Frans Murman Akademiyanın cari ilin aprel ayında “TOPCOP” layihəsinə tərəfdaş qurum olaraq qoşulduqdan sonra layihə çərçivəsində həyata keçirilən işlərdə rolunun və dəstəyinin mühüm olduğunu vurğulayıb və layihə rəhbərliyi adından xüsusi təşəkkürünü bildirib.
Sonda təlim dinləyicilərinə sertifikatlar təqdim olunub.