İQTİSADİYYAT


Gömrükçülərin peşə biliklərinin artırılması məqsədilə təlim təşkil olunub

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Gömrük tariflərinin tənzimlənməsi, gömrük ödənişləri və maliyyə hesabatları” mövzusunda təlim başlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün nəzərdə tutulan seminar gömrükçülərin peşə biliklərinin artırılması məqsədilə təşkil olunub.

Tədbirin açılış mərasimində DGK Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov ölkəmizdə gömrük sahəsində əldə olunan uğurlardan, aparılan məqsədyönlü işlərdən danışıb, gömrük sistemində həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verib.

Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Dövlət Gömrük Komitəsinin qarşısında mühüm vəzifələr qoyulub. Əsas məqsəd şəffaflığın artırılması, gömrük-biznes münasibətlərinin daha da inkişaf etdirilməsidir.

Mirqasım Vahabov qeyd edib ki, “yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə vaxt və əlavə vəsait itkisinin aradan qaldırılması, idxal-ixrac əməliyyatlarının maneəsiz və asan şəkildə həyata keçirilməsi, vətəndaş-məmur təmasının minimuma endirilməsi təmin olunub. Bütün rəsmiləşdirmə prosedurları elektron qaydada aparılır. Eyni zamanda, sərhəd-keçid məntəqələrində “bir pəncərə” sisteminin daha da təkmilləşdirilməsi operativliyi artırıb.

Daha sonra Baş İdarənin rəisi seminarda əldə ediləcək biliklərin gömrük prosedurlarının daha operativ və yüksək səviyyədə təşkili işinə fayda verəcəyinə əmin olduğunu bildirib, seminar iştirakçılarına uğurlar arzulayıb. Sonra təlim başlayıb.

Seminar müddətində gömrükçülərə gömrük-tarif tənzimlənməsi, malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi, gömrük dəyərinin müəyyən edilməsinə nəzarət, gömrük ödənişlərinin dövlət büdcəsinə alınması, gömrük ödənişlərinə imtiyazların verilməsi, mühasibat uçotu, maliyyə hesabatları və əsas vəsaitlərin hərəkətinə nəzarətlə bağlı potensialın gücləndirilməsi istiqamətlərində daha dərin bilgilər aşılanacaq və yeniliklər haqqında geniş məlumat veriləcək.

Təlim noyabrın 8-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.