CƏMİYYƏT
Gömrükdən gizlədilərək spirtli içki və mobil telefonların ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 22 noyabr, AZƏRTAC
Gömrükdən gizlədilərək spirtli içki və mobil telefonların ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz Vito 109 CDI” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Yoxlama zamanı, nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan olunmayan 20 ədəd 0,5 litrlik “Talka”, 1 ədəd 0,7 litrlik “Хоrtitsa”, 2 ədəd 0,7 litrlik “Beluga Translatlantic” markalı araq, 1 ədəd 0,7 litrlik “Chivas Regal” və 1 ədəd 0,75 litrlik “Glenfiddich” markalı viski, həmçinin vətəndaşın göy rəngli idman çantasından 1 ədəd “İphone X Space Gray”, 2 ədəd “Alcatel 1066d”, 1 ədəd “Jinga F200N”, 1 ədəd “Micromax X2401” və 1 ədəd “Vertex” markalı mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.