DÜNYA


“Google” Çinin “Huawei” kompaniyası ilə biznesi dayandırır

Bakı, 20 may, AZƏRTAC

Amerikanın “Google” kompaniyası Çinin “Huawei” şirkətinə texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib.

AZƏRTAC “Financial Times” qəzetinə istinadla xəbər verir ki, ötən həftə ABŞ “Huawei” kompaniyasını Birləşmiş Ştatlardan çatdırılmaların xüsusi lisenziya əsasında həyata keçiriləcəyi kompaniyaların siyahısına salıb. Amerika hakimiyyəti bu kompaniyanın Çinin dövlət təhlükəsizlik xidmətlərinə məlumat ötürdüyünü güman edir.

Dünyanın ikinci ən iri smartfon istehsalçısı olan “Huawei” öz məhsullarında “Google” kompaniyasının “Android” sistemindən istifadə edir. Ötən il Çin kompaniyası dünya bazarına 200 milyon smartfon çıxarıb. “Huawei” bundan sonra “Android” proqram təminatından və “Google” kompaniyasının tərəfdaşlarına göstərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək.

“Huawei” öz qurğularında, həmçinin Amerikanın “Qualcomm”, “Intel” və “Broadcom” kompaniyalarının istehsal etdiyi yarımkeçiricilərdən geniş istifadə edir. Çin şirkətinin ABŞ-dan aldığı ehtiyat hissələrinin həcmi 11 milyard dollara çatır.

Ekspertlərin fikrincə, “Huawei” kompaniyasının əsas komponentlərdən məhrum edilməsi həm Amerikanın yarımkeçirici istehsalçılarına, həm də qlobal sahəyə mənfi təsir göstərəcək. KİV-lər Çin şirkətinin xeyli ehtiyat hissəsi yığdığını və alternativ yarımkeçirici istehsalçıları axtardığını, eləcə də smartfonlar üçün öz əməliyyat sistemini hazırlamaq üzrə işlərə başladığını yazırlar.

2018-ci ildə “Huawei” kompaniyasının gəliri 105 milyard dollar təşkil edib, qazancı isə 8 milyard dolları keçib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.