ELM VƏ TƏHSİL


“Google Maps” xidmətindən adsız istifadə etmək mümkün olacaq

Bakı, 2 oktyabr, AZƏRTAC 

“Google” şirkəti öz müştərilərinə “Google Maps” onlayn-xəritə xidmətindən adsız istifadə üçün imkan yaradacaq. AZƏRTAC xəbər verir ki, bu məlumatı şirkətin mətbuat xidməti yayıb.

Məlumatda qeyd olunub ki, “Google Maps” onlayn-xəritə xidmətindən istifadə zamanı “adsız” rejiminə keçməklə sizin bu mobil əlavədə hərəkətiniz şəxsi hesabınızda qeyd olunmayacaq. Korporasiya bildirib ki, Android əməliyyat sistemində işləyən mobil cihazların istifadəçiləri artıq bu ay yeni sistemdən istifadə edə biləcəklər. İOS sistemi ilə işləyən smartfon istifadəçiləri isə bu imkana bir qədər gec malik olacaqlar.

Sözügedən dəyişikliklər “Google” şirkətinə məxsus olan YouTube videohostinqini də əhatə edəcək. Buradakı əlavələrin yenidən nizamlanması axtarışla bağlı tarixçəni avtomatik silməyə kömək edəcək. “Sizin məlumatların saxlanılması tarixini daxil edin və məsələn, üç ay və ya 18 aydan sonra biz geri qalanını özümüz həll edəcəyik”, -deyə mətbuat açıqlamasında bildirilir.

Korporasiyanın bu addımı ötən il Associated Press agentliyinin müştərilərin icazəsi olmadan onların şirkət tərəfindən izlənilməsi ilə bağlı qalmaqallı məqaləsi ilə əlaqədar atılıb. Bu səbəbdən cari ilin avqustunda ABŞ-ın Kaliforniya ştatındakı San-Diyeqo şəhərinin sakini korporasiyanı məhkəməyə verib.

“Google” internet-axtarış və reklam texnologiyalarına sərmayə qoyan Amerika şirkətidir. O, həmçinin onlayn xidmətlərin göstərilməsi və yüksək texnologiyalı məhsulların istehsalı ilə də məşğul olur. Lari Peyc və Sergey Brinin əsasını qoyduqları bu korporasiya 1998-ci ilin sentyabrında özəl şirkət kimi qeydiyyatdan keçib və hazırda illik dövriyyəsi 100 milyard dollardan çox olan “Alphabet” holdinqinin bir hissəsidir. Onun mənzil-qərargahı Kaliforniya ştatındakı Mauntin-Vyu şəhərində yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.