DÜNYA


“Google” korporasiyası “HTC” şirkətinin mobil biznesini alır

Bakı, 21 sentyabr, AZƏRTAC

ABŞ-ın “Google” korporasiyası Tayvanın “HTC” şirkətinin mobil biznesinin bir hissəsini 1,1 milyard dollara satın alacaq.

AZƏRTAC xəbər verir ki, müvafiq razılığın əldə olunması barədə məlumat “Google” bloqunda dərc edilib.

Tərəflər arasında imzalanan saziş çərçivəsində “HTC” şirkətinin “Pixel” smartfonunun yeni versiyası üzərində çalışan iki minə yaxın əməkdaşı “Google”da işini davam etdirəcək. ABŞ korporasiyası, həmçinin “HTC”in əqli mülkiyyəti üzərində müstəsna hüquq əldə edəcək.

Məlumata görə, Tayvan şirkəti “HTC” brendi ilə smartfonların istehsalı və satışı ilə məşğul olmaqda davam edəcək. Bundan başqa, şirkət diqqətini virtual reallıq istiqamətinin və “HTC Vive” kaskasının inkişafına yönəldəcək.

Saziş maliyyə tənzimləyiciləri tərəfindən təsdiq olunduqdan sonra tərəflər onu 2018-ci ilin əvvəlində tamamlamağı planlaşdırırlar.

Qeyd edək ki, “HTC” şirkəti “Google” ilə “Nexus” və “Pixel” brendli smartfon və planşetlərin buraxılışı üzrə uzun müddətdir tərəfdaşlıq edir. Analitiklərin qiymətləndirməsinə görə, “Pixel” smartfonlarının “HTC” smartfonlarının satışında payı 20 faizə bərabərdir. Oktyabrın 4-də ABŞ korporasiyası “Made by Google” ailəsindən olan yeni qurğular nəslinin, o cümlədən “Pixel” smartfonunun yeni versiyasının təqdimatını planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.