İQTİSADİYYAT
“Google” yüksəksürətli internet xətti çəkəcəkdir VİDEO
Bakı, 18 fevral (AZƏRTAC). “Google” şirkəti buraxılış qabiliyyəti hazırkı geniş zolaqlı internetin sürətini dəfələrlə ötən gələcək nəsil internet şəbəkəsini layihələndirir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yeni texnologiyanın məlumatları saniyədə 10 giqabit sürətində ötürməyə imkan verəcəyi gözlənilir.
Şirkətin maliyyə direktoru Patrik Piçettin sözlərinə görə, bu sürətə on ildən sonra da nail olmaq mümkündür. Lakin “Google” gözləmək fikrində deyildir. Yeni texnologiya artıq üç ildən sonra tətbiq edilə bilər. Hazırda bunun üzərində iş gedir, gözləməyə ehtiyac yoxdur.
Bundan əvvəl “GoogleFiber” layihəsi çərçivəsində şirkət ABŞ-ın Kanzas-Siti şəhərində buraxılış qabiliyyəti saniyədə 1 giqabit təşkil edən genişzolaqlı simli şəbəkə çəkmişdir. Bu da əksər internet şəbəkələrinin sürətindən təxminən yüz dəfə sürətlidir. Bu şəbəkəyə qoşulmanın qiyməti 300 dollar, aylıq abunə haqqı 70 dollardır.
Şirkət “GoogleFiber” ilə yanaşı, ötən ilin yanvarında mənzil-qərargahında əhatə dairəsi 3 kilometrə çatan simsiz sınaq şəbəkəsini qurmuşdur.