REGİONLAR
Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun daha bir hissəsi yenidən qurulur VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun daha bir hissəsinin tikintisi yekunlaşmaq üzrədir.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, 37,1 kilometr uzunluğunda Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun 28,3 kilometrlik hissəsində tikinti işləri artıq bir müddətdir ki, yekunlaşdırılıb. Hazırda yolun Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndləri arasında olan 8,8 kilometrlik hissəsində layihəyə uyğun olaraq işlər davam etdirilir.
Layihəyə uyğun olaraq sözügedən 8,8 kilometrlik hissədə zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, yerinə karbonat materialı tökülərək kipləşdirilib. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Həmçinin yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə isə yolun 8,8 kilometrlik hissəsinə 61 min kvadratmetr asfalt-beton örtük döşənəcək.
Eyni zamanda tikinti işləri çərçivəsində yolun 37-ci kilometrində Qaraçay üzərindəki avtomobil körpüsü təmir edilir. Bir aşırımlı körpünün uzunluğu 12 metrdir. Bundan başqa, mövcud su keçidi və su borusunun bərpası və yenilərinin tikintisi işləri də aparılır. İşlər yekunlaşdıqdan sonra yol nişanlarının quraşdırılması, həmçinin yolun xətlənməsi işləri görüləcək.
Goranboy-Yuxarı Ağcakənd avtomobil yolu 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirməklə böyük əhəmiyyətə malikdir. Belə ki, yolun inşası sözügedən ərazidə turizm potensialını artıracaq, vətəndaşların yetişdirdikləri məhsullarının rahat və qısa müddət ərzində rayon mərkəzinə daşımasına imkan yaranacaq.