CƏMİYYƏT
Goranboy gəncləri “Könüllü qonaq” təşəbbüsü çərçivəsində daha bir ailəyə baş çəkiblər
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi ilə əlaqədar bir sıra rayonlarda reallaşdırılan “Könüllü qonaq” təşəbbüsü Goranboy gəncləri tərəfindən davam etdirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, goranboylu gənclər rayonda xüsusi qayğıya ehtiyacı olan növbəti sakinin evinə baş çəkiblər.
Evdə təmizlik işləri aparan, həyətdə və bağda səliqə-sahman yaradan gənclər ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.
Xatırladaq ki, bu təşəbbüs xüsusi qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur. Gənclər, həmçinin ailələrlə çay süfrəsi ətrafında səmimi söhbətlər edir, onların həyat hekayələrini dinləyirlər.