REGİONLAR
Goranboy pambıqçıları “ağ qızıl”ın əvvəlki şöhrətini qaytarmağa çalışırlar
Goranboy, 8 iyun, Rauf Hacıyev, AZƏRTAC
Uzunillik fasilədən sonra Goranboyda fermerlər əlavə vəsait cəlb etməklə pambıq sahələrini genişləndirməyə və “ağ qızıl”ın əvvəlki şöhrətini özünə qaytarmağa çalışırlar. Dövlət tərəfindən pambıqçılıqla məşğul olanlara hər hektara görə 603 manat güzəştli kreditin verilməsi, habelə subsidiyanın 50 manatdan 90 manatadək artırılması rayonun təsərrüfatçıları arasında bu sahəyə marağın artmasına səbəb olub.
Bu il Goranboy rayonunda 150 təsərrüfatçı tərəfindən 2 min hektar əraziyə pambıq əkilib. Hava şəraitindən asılı olaraq pambıqçılar hər hektardan orta hesabla 40 sentner məhsul götürməyi proqnozlaşdırırlar. Mövsümlə əlaqədar olaraq sahələrdə müvafiq aqrotexniki tədbirlər həyata keçirilir.
Goranboy Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Yasin Məmmədov AZƏRTAC-a bildirib ki, sahibkarlara kömək məqsədilə rayon icra hakimiyyətində xüsusi qərargah yaradılıb və aidiyyəti mütəxəssislər cəlb olunub. Qərargaha müraciət edən torpaq mülkiyyətçilərinə vaxtaşırı lazımi kömək göstərilir, tapşırıq və tövsiyələr verilir.
Hazırda pambıq sahələrində gübrələmə işləri aparılır və yağışlı havadan sonra torpaq alaq otlarından təmizlənir. Yağan yağışların pambığın məhsuldarlığına təsirini minimuma endirmək üçün zəruri tədbirlər görülür. Hava şəraitindən asılı olaraq Goranboyda “ağ qızıl”ın yığımına sentyabrın 20-dən sonra başlanılacaq.