REGİONLAR
Goranboy rayonu üzrə 327 abituriyent tələbə adını qazanıb
Goranboy, 5 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
2018–2019-cu tədris ilində rayonun ümumtəhsil məktəblərində 846 məzundan 836-sı adi, 10-u isə fərqlənmə attestatı alıb. Ümumilikdə 514 nəfər ali məktəblərə sənəd verib ki, onlardan da 327-si qəbul olub. Bunlardan 10-u 600-700 bal, 47-si isə 500 - 600 bal toplayıb. On nəfər məzun xüsusi təyinatlı ali məktəblərə qəbul olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Goranboy rayon Mədəniyyət Evində ali məktəblərə yüksək balla qəbul olunan məzunlarla keçirilən görüşdə məlumat verilib.
Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Ağalar Vəliyev və rayonun ümumtəhsil məktəblərinin yüksək bal toplamış məzunları, müəllimlər və valideynlər iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətə ehtiram göstərilib.
Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən dövlət təhsil siyasəti, bu siyasətin cəmiyyət və təhsilin inkişafına qazandırdığı böyük nailiyyətləri barədə danışıb.
Sonda məzun və müəllimlərə fəxri fərmanlar, qiymətli hədiyyələr və pul mükafatı verilib.