CƏMİYYƏT
Goranboy rayonunda hərbi təyinatı olmayan metal əşya aşkarlanıb
Bakı, 8 avqust, AZƏRTAC
Avqustun 8-də saat 12:00-da Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətindən və saat 12:02-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonunun Qaraçinar kəndində bir mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə bir ev və həyətyanı sahəyə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri hərbi təyinatı olmayan metal əşya aşkarlayıblar. Həmin əşya götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Metal əşyanın tapıldığı yerin ətrafında 300 kvadratmetr əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
ANAMA tərəfindən yanvarın 1-dən avqustun 8-dək ümumilikdə 3576 partlamamış hərbi sursat, piyada əleyhinə bir, tank əleyhinə yeddi mina və 73 kiloqramlıq partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 109 min 215 kvadratmetr ərazi yoxlanılıb.