CƏMİYYƏT
Goranboyda çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 18 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Goranboy rayonunun Xoylu kəndində fiziki şəxs Babayev Namiq Hidayət oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu aşkar edilib. Baxış zamanı texnoloji əməliyyatların gedişi prosesinin, məhsulların hazırlandığı və istehsal edildiyi sahələrin normativ tələblərə uyğun olmadığı, həmçinin işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi və şəxsi gigiyena qaydalarına əməl etmədiyi aşkarlanıb.
Faktla əlaqədar sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, pozuntuların aradan qaldırılması və müəssisənin qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam edir.