CƏMİYYƏT
Goranboyda mağazadan oğurluq edən şəxslər saxlanılıb
Bakı, 28 iyul, AZƏRTAC
Goranboy rayon sakini Qabil Abbasov rayon polis şöbəsinə (RPŞ) müraciət edərək bildirib ki, ona məxsus, avtomobil ehtiyat hissələri satılan mağazaya iyulun 24-dən 25-nə keçən gecə naməlum şəxs və ya şəxslər gizli yolla daxil olaraq oradan 6 min manat pul oğurlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinən 22 yaşlı rayon sakini Amil Qiyaslı, 21 yaşlı Gəncə şəhər sakini Telman İbrahimov və 22 yaşlı Göygöl rayon sakini Boran Məmmədov Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılıblar.
İlkin dindirmə zamanı onlar, törətdiyi hadisəni etiraf edib və əldə etdikləri pulun bir qismini xərclədiklərini bildiriblər. Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.