REGİONLAR


Goranboyda pambıq yığımında yeni nəsil kombaynları sınaqdan keçirilib

Bakı, 18 noyabr, AZƏRTAC 

Kiçik pambıq təsərrüfatları üçün nəzərdən tutulan yeni kombaynların sınaq mərhələsi davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar rayonundan sonra bu texnika Goranboy rayonunda sınaqdan keçirilib.

“Case New Holland Industrial” şirkəti ilə “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) birgə təşəbbüsü və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yeni nəsil “Case” kombaynlarının pambıq sahələrində sınaq yığımları mərhələsinə xanım mexanizator da cəlb edilib.

“Aqroservis” ASC-nin Ağsu rayon bölməsində 4 il mexanizator olaraq çalışan Nəzakət Abuzərova bildirib ki, yeni nəsil kombaynlarının idarə edilməsi çox asandır. Belə ki, texnikanın yüngül və kiçikhəcmli olması onun sahədə yaxşı manevr etməsinə və pambığın operativ yığılmasına imkan verir.

Qeyd edək ki, Azərbaycana gətirilən yeni nəsil kombaynlar ölkəmizdə fəaliyyət göstərən kiçik pambıq təsərrüfatlarının ehtiyaclarına uyğunlaşdırılıb. Bu layihə Azərbaycandakı kiçik fermerlərə pambıq yığımında dəstək olmaq məqsədi daşıyır. Yeni nəsil “Case” kombaynları ölkəmizdə mövcud olan digər kombaynlardan fərqli olaraq 2 sıralıdır və alternativi yoxdur. Kombaynın çəkisi az və ölçüsü yığcam olduğundan sahələrarası daşınması çox rahatdır. Eyni zamanda, ölçü və çəkisinin digər kombaynlarla müqayisədə az olması bu kombaynlara sahələrdə daha yaxşı manevr etməyə imkan verir. Bu kombaynlar daha az yanacaq sərf etdiyindən digər kombaynlarla müqayisədə istismar xərcləri azalır.

Bundan başqa, bu kombaynların ehtiyat hissələrinin kompakt və asan konstruksiyası onlara daha rahat və tez başa gələn texniki qulluq göstərilməsinə imkan verir. Mütəxəssislər hesab edirlər ki, yeni nəsil kombaynın Azərbaycanın fermerlərinin ehtiyaclarına uyğunlaşdırılması pambıq yığımında səmərəliliyin artırılması ilə nəticələnəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.