CƏMİYYƏT
Goranboyda şəhid ailələri ilə görüş keçirilib
Goranboy, 11 oktyabr, AZƏRTAC
Goranboy rayonunun Qızılhacılı qəsəbəsində və Balakürd kəndində Vətən müharibəsi şəhidləri Mübariz Cəfərovun, Nofəl Nuriyevin və mülki şəhid Raziyə Abbasovanın ailə üzvləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, xüsusi karantin rejiminin tələblərinə riayət edilməklə keçirilən görüşlərdə və şəhidlərin il mərasimi ilə əlaqədar təşkil olunan mərasimlərdə Milli Məclisin deputatı Ağalar Vəliyev, rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri qatılıblar.
Əvvəlcə Balakürd kəndindəki Şəhidlər xiyabanında şəhidlərin məzarları ziyarət olunub, onların xatirəsi ehtiramla yad edilib və məzarları önünə güllər qoyulub.
Görüşlərdə vurğulanıb ki, 44 günlük Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Qələbəsi ilə başa çatıb, 30 il ərzində işğal altında olan və vandalizmə məruz qalan torpaqlarımız azad edilib.
İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər və işğaldan azad edilən rayonlarda uğurla həyata keçirilən nəhəng infrastruktur layihələri, genişmiqyaslı quruculuq və abadlıq işləri qalib xalq kimi hər bir azərbaycanlıda haqlı qürur və fəxarət hissləri doğurur.
Qeyd olunub ki, dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman şəhid ailələrinə və müharibə əlillərinə böyük diqqət və qayğı ilə yanaşır.
Bildirilib ki, cəbhə bölgəsində yerləşən Goranboy rayonunun hər zaman dövlətçiliyimizə sədaqəti ilə seçilən sakinləri müharibə dövründə fədakarlıq göstərərək Qələbəmizə layiqli töhfələr veriblər.
Müharibə günlərində rayonun Qızılhacılı qəsəbəsinə atılan raket mərmisi nəticəsində dinc sakin Raziyə Abbasova həlak olub. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Mübariz Cəfərov və hərbçi-feldşer Nofəl Nuriyev döyüş bölgəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif ediliblər.
Xatirələri dərin hörmətlə anılan şəhidlərin ailə üzvləri onlara göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.