REGİONLAR
Goranboyda yenidən qurulan şəhidlər xatirə-abidə kompleksi açılıb
Goranboy, 25 iyun, E.Məmmədov, AZƏRTAC
Goranboyda şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yeni layihə və memarlıq-arxitektura əsasında yenidən qurulmuş şəhidlər xatirə-abidə kompleksinin açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, goranboylu Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənov, şəhid Milli Qəhrəman anası Gülzar Ocaqverdiyeva, şəhid ailəsinin üzvü Rahinə Məmmədova, qazi Vüsal Rzayev və şəhid atası Hafiz Əhmədov çıxış ediblər. Bildiriblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Silahlı Qüvvələri 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsində bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı, tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Goranboy rayonunda da əsaslı işlər görülür. Məhz 30 ildən sonra Tapqaraqoyunlu kəndində ilk dəfə Qələbə sevincli əsl bayram tədbirinin keçirilməsi və bayram tonqalının alovlandırılması tarixi əlamətdar hadisə idi. Şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə rayonun yaşayış məntəqələrində abidə kompleksləri, bulaqlar və xatirə guşələri yaradılıb, Şəhidlər xiyabanlarında və məzarlıqlarda müntəzəm abadlıq işləri aparılır.
Qeyd edək ki, hazırda şəhid ailələrinin müraciətləri əsasında, Xan Qərvənd kəndində şəhidlər xatirə kompleksinin yenidən qurulması işləri aparılır. Goranboyda şəhidlər abidə kompleksi də məhz şəhid ailələrinin rayon rəhbərliyinə müraciətləri əsasında, yeni layihə və memarlıq-arxitektura üslubunda inşa edilib. Bu kompleks rayonda ilk belə möhtəşəm xatirə-abidə kompleksidir. Kompleksin inşası zamanı şəhid ailələrinin fikir və təklifləri nəzərə alınıb, o cümlədən şəhidlərin fotoguşələrinin tərtibi onlarla razılaşdırılıb.
Tədbir çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun büstünün açılış mərasimi də keçirilib və şəhid övladları tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.