REGİONLAR
Goranboyun daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib
Bakı, 20 noyabr, AZƏRTAC
Goranboy rayonunun Yolpaq kəndinə ilk dəfə təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər bu il də davam etdirilməkdədir. Bu məqsədlə Goranboy rayonunun Yolpaq kəndinə ilk dəfə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub.
148 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1250 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 10 min 377 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda rayonun Yəhərçi Qazaxlar və Goranlı kəndlərində tikinti quraşdırma işləri davam etdirilir.Yaxın vaxtda tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
Kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.