ELM VƏ TƏHSİL
Görkəmli Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasibin 110 illik yubileyi qeyd olunacaq
Bakı, 9 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə sentyabrda professor Məmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr edilən “Görkəmli Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasib” mövzusunda elmi konfrans keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə görkəmli alimin həyat və yaradıcılığından, folklorşünaslıq sahəsindəki əvəzolunmaz xidmətlərindən söhbət açılacaq.
Folklorumuzu sistemləşdirən, toplayan və Azərbaycanda folklorşünaslıq məktəbi yaradan professor Məmmədhüseyn Təhmasib Azərbaycan tarixinin, etnoqrafiyasının, toponimlərinin, coğrafiyasının mükəmməl bilicisi olub. Alimin apardığı elmi-tədqiqat işləri bu gün də Azərbaycan ədəbiyyatşünaslığı üçün dəyərli mənbədir.