MƏDƏNİYYƏT
Görkəmli aktrisa Məhluqə Sadıqova yad olunacaq
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Artisti Məhluqə Sadıqovanın 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin “Məhluqə Sadıqovanın 100 illiyinin keçirilməsi haqqında” Sərəncamına əsasən reallaşacaq.
Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə gerçəkləşəcək tədbir çərçivəçində Dövlət Teatr Muzeyinin hazırladığı fotosərgi nümayiş olunacaq, aktrisanın həyat və yaradıcılığına həsr olunan videoçarx göstəriləcək.
Respublikanın tanınmış, elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak edəcəyi tədbirdə M.Sadıqovanın Azərbaycan teatr və kinosunun inkişafındakı xidmətləri vurğulanmaqla yanaşı, onun yaratdığı obrazlar qalereyasına nəzər salınacaq. Tədbirdən sonra “Almaz” tamaşası təqdim ediləcək.
Qeyd edək ki, Məhluqə Sadıqova Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.
Unudulmaz sənətkar 1936-cı il sentyabrın 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb və 54 il bu sənət ocağında çalışıb. Aktrisa onlarla tamaşada bir-birindən maraqlı və yaddaqalan obrazlar qalereyası yaradıb, tamaşaçı qəlbinə böyük sevgi ilə nüfuz edib.