MƏDƏNİYYƏT


Görkəmli aktyor Həsənağa Turabovun xatirəsi anılacaq

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 8-də C.Cabbarlı adına Dövlət Teatr Muzeyində teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti Həsənağa Turabovun 80 illiyi münasibətilə tədbir keçiriləcək. Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə reallaşacaq.

Dövlət Film Fondunun mətbuat katibi Rəşad Qasımovun AZƏRTAC-a verdiyi məlumata görə, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgi açılacaq, kino mədəniyyətimizin inkişafındakı xidmətləri xatırlanacaq.

Azərbaycanın çoxəsrlik zəngin mədəni ənənələrindən lazımınca bəhrələnən Həsənağa Turabov fitri istedadının verdiyi imkanlar sayəsində səhnəyə yeniliklər gətirməklə özünəməxsus üslubunu yaradıb və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb. Sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli obrazlar ölkə teatrı tarixinin və kinematoqrafiyasının nailiyyətləri sırasında həmişəlik yer tutmuş qiymətli sənət inciləridir.

Həsənağa Turabov 1938-ci il martın 24-də Bakıda anadan olub. O, 1960-cı ildə Azərbaycan İncəsənət İnstitutunu aktyorluq ixtisası üzrə bitirərək, Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib.

Görkəmli aktyor bir sıra ekran əsərlərində maraqlı obrazlar yaradıb. “Yeddi oğul istərəm” filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər uğurlu rolu “Babək” filmindəki Afşin obrazıdır. Aktyorun “Axırıncı aşırım”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Bəyin oğurlanması” və başqa filmlərdəki rolları da öz ifa tərzi ilə seçilir.

“Qanlı zəmi” filminin rejissoru olmuş sənətkar son dəfə “Ailə” və “Nə gözəldir dünya” filmlərində çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.